Türkiyənin Strateji Təşkilatında Kritik Kimyəvi Emal Xətti| “Alp Havacılık” başqa nələr istehsal edir? (FOTOLAR)

2024/05/vs231-17158398500.jpg
Oxunub: 444     11:33     03 İyul 2024    
Əskişəhərdə yerləşən “Alp Havacılık” həm Türkiyədə, həm də beynəlxalq miqyasda nəhəng aviasiya şirkətlərinin yüksək etibarlı iş ortağıdır.

Şirkətin bir çox istehsalı var, lakin onları izah etməzdən əvvəl şirkətin çox kritik qabiliyyəti haqqında danışmaq istərdik: Kimyəvi Emal Xətti. “Alp Havacılık” Ankara koordinatoru və “Alpteknik Havacılık” İdarə Heyətinin sədr müavini Yılmaz Güldoğan türkiyəli jurnalistləri Kimyəvi Emal Xətti ilə tanış edib.


Bu xətt üzrə şirkət üçün tələb olunan bütün kritik kimyəvi emallar həyata keçirilir. Əslində həyata keçirilən kimyəvi proseslər həm ölkə daxilində, həm də xaricdə iş aparılan şirkətlərin təsdiqinə malikdir. Xətt daxilində 200-dən çox kimyəvi əməliyyat yerinə yetirilə bilər. Onların təxminən yarısı NADCAP təsdiqidir, yəni beynəlxalq sertifikatlara malikdir.


Bütün əməliyyatların tam avtomatik həyata keçirildiyi xəttin bütün idarə və əməliyyatları xəttin girişində yerləşən kompüterlər vasitəsilə istənilən əməliyyat seçilərək işə salına və izlənilə bilər. Eyni zamanda, nümunələrin götürülməsi, kimyəvi nəzarət və əməliyyat nəzarəti də kompüter vasitəsilə həyata keçirilir və beləliklə, bu obyektin tam işlək vəziyyətdə qalması təmin edilir.


Yazının əvvəlində qeyd etmişdik ki, “Alp Havacılık” Türkiyədə və dünyada fəaliyyət göstərən nəhəng aviasiya şirkətlərinin etibarlı iş ortağıdır.

Bəs “Alp Havacılık” başqa nələr istehsal edir?

Bu strateji təşkilat “Sikorsky”nin hava platformaları üçün əsas və quyruq pərinə aid bütün dinamik hissələrin, arxa quyruq pəri sürücü şaftlarının, uçuşa nəzarət mexaniki sisteminin, dişli çarxlar və bütün dişli qutular kimi uçuş üçün kritik və dinamik məhsulların, eləcə də onların montaj qruplarının və böyük ölçülü uçuş idarəetmə komponentlərinin istehsalını həyata keçirir.


Şirkət “Pratt & Whitney”in F-35 döyüş təyyarəsində istifadə edilən F-135 mühərrikindəki aşağı və yüksək təzyiqli kompressor fan pərlərinin titan və inkonel ərintisindən hazırlanmış bütün mərhələlərini və fan arxa qovşağı kimi uçuş üçün kritik fırlanan hissələri, eyni şirkətin “gear” turbo fan mühərriklərinə aid fan qovşağı hissələrini və “ Collins Aerospace” şirkəti üçün “Boeing 787” ve “Airbus 380” təyyarələrinin APU sistemlərində olan diffuzor məhsul qruplarını istehsal edir.


Şirkətin kritik istehsalına eniş dəsti hissələri və komponentləri də daxildir. “ALP Havacılık” “Collins Aerospace Landing Systems” şirkətinin F-35 və F-22 hərbi proqramlarında və “Boeing” 737, 747, 757 və 767 kimi kommersiya platformalarında istifadə olunan əsas və burun eniş dəstləri hissələrini və montaj qruplarını, eləcə də “Honeywell Aerospace” şirkətinin bütün kommersiya və mülki platformaları üçün eniş dəsti əyləc sisteminin hissələrini istehsal edir.


“Heroux Devtek” firması tərəfindən istehsal olunan “Boeing 777”nin əsas və burun eniş dəsti hissələrinin də mənbəyi olan “Alp Havacılık” sabit qanadlı platformalarla yanaşı, Türk Ümumi Məqsədli Helikopteri layihəsi çərçivəsində “Blackhawk” helikopterlərinin eniş dəstlərinin detallarının istehsalı, yığılması və sınaqdan keçirilməsini də öz üzərinə götürür. “Alp Havacılık”, həmçinin “Collins Aerospace”in bütün hərbi və kommersiya platformaları, “Lockheed Martin”in F-35 platforması və “Sikorsky”nin S-70, S-76 və S-92 platformalarına uçuş üçün kritik struktur hissələri və komponentləri istehsal edir.


Yılmaz Güldoğan qeyd edir: “Göydəki hər təyyarədə “Alp Havacılık”dan bir parça var”. Güldoğan bu sözləri ilə Türkiyənin fəxr edə biləcəyi bir həqiqəti vurğulayır.


“Alp Havacılık” dünyanın ən etibarlı Yanğın Söndürmə və Təzyiqetmə Sistemləri istehsalçısı “Kidde Dual Spectrum” şirkəti ilə 2018-ci ildə strateji tərəfdaşlıq qurmaq üçün anlaşma memorandumu imzalayıb və Türkiyədə istehsal olunan quru platformaları üçün “Kidde” lisenziyası ilə Yanğınsöndürmə Sistemləri istehsal edir.


FNSS kimi milli hərbi quru platforması istehsalçılarının tırtıllı və təkərli zirehli vasitə platformaları üçün məhsullar hazırlayan şirkət bu məhsulların Türkiyədəki yerli resursların ən üst səviyyədə istifadəsi ilə bütün hərbi platformaları əhatə edəcək şəkildə genişləndirilməsini hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Alp-Havacılık  


Bizi "telegram"da izləyin